Filmdə Poladın sevgilisi Elif Eylül obrazını yaradan Özgü Namal (Elif) "Qurdlar vadisi"nə qədər fotomodel kimi tanınıb. Bir çox reklam çarxlarında çəkilişə dəvət alan Özgü "Qurtlar vadisi"nin rejissoru Serdar Akarın diqqətini bunların birindən çəkib. Özü haqqında danışan gənc aktrisa bunları deyib: "1978-ci ildə doğulmuşam. Ailənin tək övladıyam. İstanbul Dövlət Konservatoriyasının məzunu olmuşam. Tələbəlik illərimdə bir neçə reklam çarxlarında çəkilmişəm. Bundan sonra "Sirr cocukları", "Yeddi təpə İstanbul", "Əfv et bizi, hocam" adlı seriallarda çəkilmişəm. Filmdən öncə isə "Sokmen Ajans"la müqavilə imzalayıb fotomodel kimi çalışdım. Bu filmə dəvət alarkən vəkil qızın obrazını oynayacağımı biləndə tərəddüd etdim. Ssenarini oxuyarkən "bunu bacara biləcəyəmmi?" deyə öz-özümə sual etmişdim. Rejissor və aktyorların təkidi ilə özümü rola hazırlaya bildim". Gələcəkdə iri prodüser mərkəzinə rəhbərlik etmək iddiasında olan Özgü şəxsi həyatından da xəbər verdi: "Evlilik həyatımın olmasını istəyirəm. Yəqin ki, subaylığım 30 yaşından o tərəfə keçməyəcək. Ana olmaq istəyirəm. Hazırda bir sevgilim var. Amma onunla ailə quracağım barədə qəti qərara gəlməmişəm". Bəzi məlumatlara görə, Özgünün sevgilisi "Qurdlar vadisi"ndə Süleyman Çakır obrazını məharətlə yaratmış Oqtay Kaynarcadır.